Bağda ərik qurtardı, salam-əleyk qurtardı
Üç il öncə «Unibank» Azərbaycan futbolunda ilkə imza ataraq, Peşəkar Futbol Liqası ilə müqavilə bağladı, rəsmi tərəfdaş kimi Premyer Liqanın baş sponsoru oldu.
Yadımdadır, işə pis başlanılmadı. Müxtəlif layihələrlə çıxış edən «Unibank» təbliğata xüsusi önəm verdi. Ən diqqətçəkənindən biri peşəkar futbol klublarının baş məşqçiləri, kapitanları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə hər ay keçirilən «Ayın futbolçusu» sorğu-səsverməsi idi. 4 həftə ərzində özünü yaxşı tərəfdən göstərən futbolçuya baş sponsor 1111 manat pul mükafatı verirdi. Bu məbləğə futbolçularımızın ehtiyacı olmasa da, ən azı prestij, mənəvi dəstək baxımdan bu addım alqışa layiq idi.

Təqdirəlayiq idi ki, bu nominasiyada media əməkdaşları da unudulmamışdı. Səsvermədə 3 dəfə ardıcıl qalibi tapan jurnalist 1000 manatla mükafatlandırılırdı. PFL də, öz növbəsində, 500 manatından keçirdi. Tez-tez təşkil olunan mərasimlərdə qələm əhli hədiyyəsiz yola salınmırdı. Hər mövsümün ortasında və sonunda PFL ilə birgə düzənlənən ziyafətdə ölkə mediasının bir araya gətirilməsi, onların mükafatlandırılması və daha fəal yazarlara fəxri fərmanın verilməsi təqdirə layiq idi.

«Unibank» bu 3 il ərzində hələ çox təşəbbüslə çıxış edəcəyini vəd etsə də, sonradan səs çıxmadı. Diqqət çəkən bir məqam, cari ildə azarkeşləri meydana səsləyən videoçarxın hazırlanıb ölkə televiziya kanallarında yayımlanması idi.

Ötən ay növbəti belə toplantı keçirildi. Bu, həm də son yığıncaq idi. Ona görə son deyildi ki, mövsüm bitmişdi. Xeyr, «Unibank»ın PFL ilə 3-illik müqaviləsi başa çatırdı. Biz media nümayəndələrinə finişin necə bitəcəyi maraqlı idi. Aprel və may ayının qalib futbolçularına mükafatlar təqdim olunanda, məsələ aydınlaşdı. Yəni, «sən sağ, mən salamat» məsələsi. Səbəbkarlar - Deividas Çesnauskis («Bakı») və Eder Bonfim («Xəzər Lənkəran») onlara məxsus olanı özləri almadılar. Çünki həmin toplantıya qatılmamışdılar. Adları qeyd edilən klubların əməkdaşları futbolçuların istirahətdə olmasını bildirdilər. Qalibləri anlamaq və güzəştə getmək olar.

Xülasə, cari mövsümlə bağlı fikir mübadiləsindən sonra elan olundu ki, hər Unibank Premyer Liqasının başa çatması ilə əlaqədar təşkil edilən böyük toplantı bu dəfə olmayacaq. Jurnalistlər «UniPlaza»da furşeyə dəvət edilirlər və bununla tədbir başa çatır. Adəti üzrə, belə məqamlarda bank əməkdaşları bizi əliboş yola salmır, kiçik hədiyyələrlə, necə deyərlər, ovqat yüksəldir, könül xoşluğu edirdilər. Amma son yığıncaqda buna rast gəlinmədi. O dəqiqə məsələni anladım: bağda ərik qurtarır...
Təbii ki, məsələ hədiyyədə deyil. «Uşaqlığın son gecəsi» fillminin əsas gülüş qəhrəmanı Davud demişkən, «söhbət sosikadan getmir. İstəsəm, özüm də alaram. Pulum da var. İş pulda deyil, adamlar gərək bir-birlərinə «vnimatelnı» olsunlar».

Son günlərdə KİV nümayəndələri arasında müzakirə mövzusu, «Unibank»ın qalib jurnalistlərə pul mükafatının verməməsidir. Məlum olduğu kimi, «Ayın futbolçusu» nominasiyasında bu dəfə 24 media əməkdaşı qalib olub. Son sorğularda qalib çox olduğundan, toplantıda PFL prezidentinə təklif etdim ki, o, məbləği 500 manatdan 1000-ə qaldırsın. Allah tərəfi, Ramin Musayev tərəddüdsüz təklifi qəbul etdi. Amma iş ondadır ki, «Unibank» üzərinə düşəni etmədiyindən, PFL də vədinə əməl edə bilmir. Belə çıxır ki, bankda ya 1000 manatı 24-ə bölə bilmirlər, ya bank iflasa uğrayıb, ya da ... elə dediyim kimi «bağda ərik qurtarıb». Öz aramızdır, bazarda ərik mövsümünün hələ şıdırğı ilə davam edir, hələ bu il məhz mövsüm meyvələrindən məhz ərik boldur. Deməli, bankın problemi başqadır: əriyi gizlədib, salam-əleyki qurtarmaq.
Əslində, burada salam-əleyk mövzusuna keçid alıb, onun da məziyyətlərindən, vacibliyindən, ədəbindən danışmalıyıq. Amma yox, bu müqəddəs mövzudur. Ondan yan keçək.

Kamran HACI

Xəbər 1238 dəfə oxundu.