AGF-nin prezident əvəzi Namiq Əliyev vebinarda iştirak edib
Koronavirusun bütün dünyada yayılması ciddi fəsadlara yol açıb. “COVİD-19” virusunun daha çox insana yoluxmaması üçün bütün kütləvi tədbirlər, o cümlədən idman yarışları təxirə salınıb. Bəzi turnirlər isə ümumiyyətlə, ləğv edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanı pandemiya elan etdikdən sonra Dünya Güləş Birliyi (UWW) də problemə həssas yanaşaraq, bütün yarışları iyulun 1-dək təxirə salıb. Bunların arasında lisenziya turnirləri, eləcə də yeniyetmə və gənclər arasında Avropa çempionatları var.

UWW-nin prezidenti Nenad Laloviç yerli federasiyaların prezidentləri və UWW-nin İcraiyyə Komitəsinin üzvləri ilə veb-konfrans təşkil edərək, koronavirusun güləşə təsiri və növbəti addımlarla bağlı müzakirələr aparıb.

Bu müzakirələrdə UWW-nin büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib. Vebinarda qeyd olunub ki, pandemiya ilə əlaqədar olaraq, Tokio Olimpiadası da daxil olmaqla, bütün yarışlar təxirə salınıb, idmançıların məşqləri dayandırılıb. Büdcə və investisiyalar, ofis fəaliyyətinin dayandırılması, işlərin 50 faiz məhdudlaşdırılması və sair ilə bağlı qərarlar qəbul olunub. Onlayn təhsil proqramları isə 2020-ci ilin iyununda hazır olacaq.

UWW yerli federasiyaları yeniliklərlə bağlı ölkələrini məlumatlandırmağa çağırıb. Beynəlxalq yarışlardan əvvəl regional turnirlərin məhdud sayda ölkələrin iştirakı ilə keçirilməsi tapşırığı da verilib.

Xəbər 603 dəfə oxundu.