NBA rəhbərliyi cari çempionatın taleyi ilə bağlı hələ də yekun qərara gələ bilmir
Koronavirusla əlaqədar bütün oyunlarının təxirə salındığı Amerika Milli Basketbol Assosiasiyasında (NBA) cari mövsümün taleyi ilə yanaşı, yeni mövsümün vaxtı barədə də müxtəlif iddialar səsləndirilir.

NBA rəhbərliyi təqvimə əsasən, oktyabrda başlaması planlaşdırılan yeni mövsümə dekabrda start verilməsi barədə düşünür. Bu planın reallaşacağı təqdirdə milli liqanın yeni mövsümü dekabrda başlayacaq və 2021-ci ilin avqustunda başa çatacaq.

NBA rəhbərliyi bu addımı atmaqla pandemiya nəticəsində yeni mövsümə daha münasib şəraitdə start verməklə yanaşı, hazırkı mövsümü də davam etdirərək vaxt qazanmağa çalışır. Bundan başqa, mövsümün gec başlayıb və gec də başa çatması ilə azarkeşlərin qarşılaşmaları arenalardan izləməsinə şərait yaranacaq. Lakin koronavirusla əlaqədar qarşılaşmaların 2021-ci ilədək azarkeşsiz oynanılması ehtimalı da iddialar arasında yer alır.
Milli liqada çıxış edən komandalar, o cümlədən tanınmış basketbolçular da çempionatın hazırkı mövsümünün davam etdirilməsini istəyirlər. Dünyanın ən güclü basketbolçularından olan, “Los- Anceles Leykers” komandasının üzvü LeBron Ceyms sosial media hesabında cari mövsümün ləğv ediləcəyi barədə xəbərlərə sərt etirazını bildirib: “Bu, qətiyyən doğru deyil. Tanıdıqlarımdan heç kim bu barədə bir söz demir. Təhlükəsizlik təmin edilən kimi mövsümü başa çatdırmaq istəyirik. Mən və komandam hazırıq”.

NBA matçları martın 11-də pandemiya ilə əlaqədar qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Xəbər 727 dəfə oxundu.