Nataliya Mustafayeva finala yüksəlib
Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunun III mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva finala yüksəlib. İdman.com.az saytının məlumatına görə, 27 yaşlı təmsilçimiz bu uğura qadınlar arasında 1-nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə imza atıb.

Seçmə yürüşdə Mustafayeva finişə 7 dəqiqə 50,53 saniyəyə çataraq, bütün rəqiblərini – litvalı Donata Vistartayte (7:54.00), almaniyalı Mari-Luiz Dregeri (8:09.41), finlandiyalı Ulla Varvionu (8:09.76) və salvadorlu Kamila Varqas Palomonu (8:17.14) üstələyib. Bu nəticə ilə avarçəkənimiz birbaşa yarımfinala çıxıb.

Yarımfinal yürüşündə də Mustafayeva inamla çıxış edərək, finişə birinci çatıb. 2000 metr məsafəni 8 dəqiqə 8,36 saniyəyə qət edən avarçəkənimiz yeni zelandiyalı Emma Tviqq (8:12.60), irlandiyalı Sanita Puspure (8:15.32), norveçli Tale Qyörts (8:17.43), italiyalı Laura Skyavone (8:24.12) və hollandiyalı Nikol Bökersi (8:26.14) qabaqlayıb. Bu nəticə ilə Mustafayeva Tviqq və Puspure ilə birgə finala yüksəlib. Həlledici yürüş iyunun 17-də Bakı vaxtı ilə saat 16:06-da başlanacaq. Avarçəkənimizin daha 3 rəqibi litvalı Donata Vistartayte, belaruslu Yekaterina Karsten və danimarkalı Fie Udbi Eriksen olacaq.

Qeyd edək k, Nataliya Mustafayeva Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb, II mərhələdə isə 4-cü yeri tutub.

Xəbər 1300 dəfə oxundu.