«Udineze»li futbolçu əsirlikdən qurtuldu
Nigeriyanın Delta ştatında həftəsonu cinayətkar qruplaşma bu ölkə yığmasının və İtaliya «Udineze»sinin oyunçusu Kristian Obodonu oğurlamışdı. Adam oğurluğuna tez-tez rast gəlinən bu ölkədə qurbanlara adətən neft şirkəti əməkdaşları çevrilirlər. Bir il öncə isə «Çelsi»nin yarımmüdafiəçisi Con Obi Mikelin atası əsir götürülərək 4 milyon dollar istənilmişdi. O zaman Maykl Obini polis xilas etmişdi.

İdman.com.az saytının məlumatına görə, Obodo üçün cinayətkarlar onun qohumlarından 150 min avro istəyiblər. Futbolçunun qohumları cəmisi 100 min toplaya biliblər. Lakin bu pullar lazım olmayıb. Obodo əsirlikdən qurtula bilib. Kilsəyə gedərkən 6 nəfərin həmləsinə məruz qalmış futbolçu özü hadisəni belə xatırlayır:

«Biz maşınla üç saat getdik. Hansısa cəngəlliklərə çatdıq. Gözlərim bağlı idi. Heç nə görmürdüm. Qohumlarımla danışıb pul istədilər. 3 nəfər pulun ardınca getdi, 3-ü isə məni qoruyurdu. Pul dalınca gedənləri polis tutmuşdu. Bunu bilən digərləri məni öldürmək istəyirdilər. Lakin mən onlardan birini dərəyə itələyib qaça bildim. Məni bu halda möcüzə qurtardı».

Xəbər 1106 dəfə oxundu.