Naxçıvan kubokunu Azərbaycan qazandı
Milli Qurtuluş günü münasibətilə yunan-roma güləşi üzrə gənclər arasında komandalararası Naxçıvan kuboku uğrunda beynəlxalq turnirə yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, Naxçıvan Olimpiya idman kompleksində təşkil olunan yarışda ümumilikdə 8 ölkənin yığma komandası mübarizə aparıb.

Qrup görüşlərinin yekununa əsasən, finalda Azərbaycan və Gürcüstanın gənc güləşçiləri qarşılaşıblar. Qeyd edək ki, iyunun 15-də keçirilən ilkin görüşlərdə Azərbaycan “A”, Gürcüstan isə “B” qrupunda birinci yeri tutmuşdu. Həlledici görüşlərdə böyük əzmkarlıq nümayiş etdirən gənc pəhləvanlarımız yekunda 5-3 hesabı ilə qalib gələrək turnirin baş mükafatına layiq görülüb.

3-cü yer uğrunda görüşdə isə öz qruplarında müvafiq olaraq 2-ci yeri tutmuş Naxçıvan və Qırğızıstan kollektivləri üz-üzə gəliblər. 8 görüşün yekununa əsasən, ümumi hesab 4-4 olsa da, qarşılaşmalarda toplanan xallar hesabına Qırğızıstan güləşçiləri fəxri kürsün 3-cü pilləsinə qalxıblar. Mükafata layiq yerlər tutan komandalar diplom və pulla təltif ediliblər. Qalib komanda Azərbaycan yığmasına isə kubok təqdim edilib.

Xəbər 1073 dəfə oxundu.