Valentin Demyanenko: “Mən London olimpiadası öncəsi özümə əminəm”
London Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək kanoe üzrə 3-qat dünya və Avropa çempionu Valentin Demyanenko qızıl medal uğrunda mübarizədə əsas rəqiblərini açıqlayıb. İdman.com.az xəbər verir ki, 29 yaşlı avarçəkənimiz Beynəlxalq Kanoe Federasiyasının rəsmi saytına müsahibəsində olimpiya çempionluğuna Rusiya və Litva təmsilçilərinin də şanslı olduqlarını bildirib. O, Ukrayna və İspaniya təmsilçilərini də olimpiya çempionluğuna namizəd sayıb.


Demyanenko karyerasında ilk dəfə Yay olimpiya oyunlarında iştirak edəcək. Elə onun mübarizə aparacağı 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüş də ilk dəfə London olimpiadasının proqramına salınıb. Pekin olimpiadasında ən qısa məsafəyə - 500 metrlik yürüşdə rusiyalı Maksim Opalev qızıl, ispaniyalı David Kal gümüş, ukraynalı Yuri Çeban bürünc medal qazanıb. Demyanenko ötən il Macarıstanın Seqed şəhərində 200 metr məsafəyə yürüşdə dünya çempionu olarkən, Rusiya təmsilçisi İvan Ştıl gümüş medala yiyələnib, Litva təmsilçisi Yevgeni Şuklin 5-ci olub. Bürünc medalı məhz ispaniyalı Alfonso Benavides qazandığı halda, ukraynalı Yuri Çeban 4-cü yerlə kifayətlənib.

Demyanenkonun bu il çıxış etdiyi ən nüfuzlu yarış Dünya Kubokunun III mərhələsi olub. Moskvada 1–3 iyunda təşkil olunmuş yarışda kanoeçimiz 200 metr məsafəyə yürüşü 4-cü pillədə başa vurub. Qızıl medalı digər kanoeçimiz Andrey Kraytor qazanıb, litvalı Yevgeni Şuklin gümüş, rusiyalı Aleksandr Kostoqlod bürünc medala sahib olub. Ən titullu kanoeçimiz mükafatçılar sırasına düşə bilməməsini məyusluqla qarşılamayıb. Əksinə, o, mövsümə gözəl başladığını bildirib: “Mən London olimpiadası öncəsi özümə əminəm”.

Xəbər 1323 dəfə oxundu.