«Naxçıvan kuboku»nun açılışı keçirilib
Bu gün Naxçıvanda Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş yunan-roma güləşi üzrə gənclər arasında komandalararası «Naxçıvan kuboku» beynəlxalq turnirinə start verilib. İdman.com.az saytı xəbər verir ki, Naxçıvan Muxtar Respublikası rəsmiləri, gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Güləş Federasiyasının nümayəndələri öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra yarışın açılışı olub. Naxçıvan olimpiya idman kompleksində keçirilən mərasimdə Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ümimmilli lider Heydər Əliyevin Azərbaycana dönüşünü ölkəmiz üçün ən önəmli tarixi hadisə kimi dəyərləndirblər; 15 iyun tarixinin müasir Azərbaycanın həyatında olduqca vacib yer tutduğunu deyiblər. Çıxışlar başa çatdıqdan sonra dövlət himni səslənib. Bədii hissədən sonra isə qrup mərhələsini görüşlərinə start verilib.

Qeyd edək ki, püşkün nəticəsinə əsasən, Azərbaycan, Özbəkistan, Rusiya, Qırğızıstan və İran komandaları «A», Naxçıvan, Gürcüstan, Türkiyə və Ukrayna komandaları isə «B» qrupunda mübarizə aparırlar. Qruplarda birdövrəlik qarşılaşmalardan sonra birinci yerin sahibləri finalda, ikinci yerin sahibləri isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər. Final görüşləri sabah keçiriləcək.

Xəbər 1192 dəfə oxundu.