“Tokio 2020”: təşkilat komitəsinin sədri yarışların təxirə salınmasının mümkünlüyündən danışıb
“Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları təşkilat komitəsinin sədri yeni koronovirusun bütün dünyaya yayılması ilə əlaqədar yarışların təxirə salınmasının mümkünlüyünü bildirib.

Bu barədə təşkilat komitəsinin sədri Yoşiro Mori Beynəlxalq Olimpiya Komitəsi (BOK) oyunların təxirə salınması da daxil olmaqla, müzakirələrin yaxın dörd həftə ərzində başa çatdırılacağını bəyan etdikdən sonra, martın 23-də Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.

Y.Mori qeyd edib ki, təşkilat komitəsi Olimpiya Oyunlarının plana uyğun olaraq keçirilməsi üçün əzmlə çalışıb. Lakin qlobal vəziyyət dəyişib və yeni koronovirus təhlükəsi ilə əlaqədar ABŞ-da və Avropa ölkələrində çox böyük gərginlik yaşanır.

Komitə sədri əlavə edib ki, indiki vəziyyətdə ilkin planın saxlanmasına çalışmaq heç də ağıllı hərəkət olmazdı. Əgər Oyunlar təxirə salınarsa, təşkilat komitəsi yarışların nə vaxt keçiriləcəyini dəqiqləşdirməlidir. Eyni zamanda, yarışların təxirə salınması ilə bağlı yarana biləcək problemlər də aydınlaşdırılmalıdır.

Komitənin baş direktoru Toşiro Muto isə Olimpiya Oyunlarının məşəl estafetinin martın 26-da, planda nəzərdə tutulduğu vaxtda Fukuşima prefekturasında başlanacağını bəyan edib. O, həmçinin deyib ki, reallıqda koronovirusun hər gün daha böyük təhlükəyə çevrilməsi vəziyyəti daha da ciddiləşdirir və komitə estafet başlandıqdan sonra yarana biləcək təhlükəni minimuma endirmək üzərində düşünür.

AZƏRTAC

Xəbər 635 dəfə oxundu.