Yaponiyada Olimpiya məşəli estafeti yüksək antivirus tədbirləri şəraitində keçiriləcək
“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi Yaponiyada Olimpiya məşəli estafetinin ilkin məsafələrində həyata keçiriləcək antivirus tədbirləri barədə məlumat yayıb.

Məşəl estafeti martın 26-da Fukuşima prefekturasında yerləşən “J-Village” futbol təlimi meydançasından start götürəcək. Aprelin 1-dək Olimpiya məşəli Toçiqi və Qumma prefekturalarının ərazilərindən keçiriləcək.

Təşkilat komitəsi xəstə insanlardan estafetin keçəcəyi marşrut boyunca tamaşaçı kütləsinə qoşulmamağı xahiş edib.
Hökumət orqanlarının bildirdiyinə görə, marşrut boyunca həddindən artıq tamaşaçı toplanacağı təqdirdə estafetin formatında dəyişikliklər aparıla bilər.

Təşkilatçılar, həmçinin qeyd ediblər ki, məşəl estafetinin “J-Village” bazasından başlanması və gündəlik yekun tədbirləri zamanı tamaşaçıların toplanmasına icazə verilməyəcək.

Xəbər 696 dəfə oxundu.