UNICEF-in nümayəndəsinə Azərbaycanda paralimpiya hərəkatının inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan ilə görüşüb.

Görüşdə İ.Rəhimov qonağa komitənin fəaliyyəti, əldə olunan nailiyyətlər barədə və “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq barədə məlumat verib.

Komitə prezidenti Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması işində yeni mərhələnin başlandığını qeyd edib. AMPK-nın nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin son beş il ərzində respublikamızda uşaq paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə qonağa məlumat verilib. İ.Rəhimov ölkəmizdə uşaq paralimpiya hərəkatının daha da genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində işlərin sürətləndirilməsi, hər il keçirilən Uşaq Paralimpiya Oyunlarının beynəlxalq səviyyəli yarışlara çatdırılması komitənin prioritet məsələlərindən biri olduğunu vurğulayıb.
AMPK-nın Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçildiyini qeyd edən İ.Rəhimov UNICEF-in gənclər arasında Abilimpiya hərəkatının təbliğ olunmasında dəstək ola biləcəyini bildirib.
M.Yuan AMPK-nı Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilməyi münasibətilə təbrik edib və UNICEF-in bu istiqamətdə lazım olacaq dəstəyi verəcəyini bildirib.
Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.


Xəbər 826 dəfə oxundu.