Kalininqradda Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun xatirə turniri keçirilib
Kalininqrad şəhərində azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun xatirə turniri keçirilib.

Gənclər arasında güləş turniri iki kateqoriyada – sərbəst və yunan-roma güləşi üzrə keçirilib. Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təşkil olunan yarışlar Sovet İttifaqı Qəhrəmanı, 67-ci zenit-artilleriya diviziyasının komandiri, qvardiya polkovniki, həmyerlimiz Həbibulla Hüseynovun xatirəsinə həsr olunub. Turnirə yaşı 14-dək olan 100-ə yaxın idmançı qatılıb.
"Azərbaycan" regional milli-mədəni muxtariyyətinin dəstəyi ilə keçirilən turnirin təşkilatçısı qismində “İnam” Kalininqrad regional müsəlman ictimai təşkilatı çıxış edib.

Xatırladaq ki, Böyük Vətən Müharibəsinin iştirakçısı polkovnik Həbibulla Hüseynov 1945-ci il aprelin 16-da Almaniyada qəhrəmancasına həlak olub.

AZƏRTAC

Xəbər 816 dəfə oxundu.