MOK-da fiziki tərbiyə müəllimləri üçün beynəlxalq təlim keçirilib
Milli Olimpiya Komitəsində (MOK) fiziki tərbiyə müəllimləri üçün beynəlxalq təlim keçirilib.

“İdman administratorluğu kursu”nu ölkəmizdə beynəlxalq sertifikata malik təlimçilər keçib.

Müəllimlərin və idman mütəxəssislərinin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunan təlimlər MOK-un təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə baş tutub.

Təlimi Bakı şəhər məktəblərinin fiziki tərbiyə müəllimlərinə ölkəmizdə BOK-un idman inzibatçılığı üzrə sertifikatına malik 4 məruzəçi MOK-un marketinq idarəsinin rəhbəri Mehman Kərimov, beynəlxalq əlaqələr idarəsinin rəhbəri Anar Bağırov, beynəlxalq proqramlar komissiyasının katibi Ceyhun Rəhmanov və Azərbaycan Atletika Federasiyasının baş katibinin müavini Kənan Məhərrəmov keçiblər. Azərbaycan Voleybol Federasiyasının idman şöbəsinin rəhbəri Elnur Məmmədov isə qonaq məruzəçi qismində iştirak edib.

Təlimdə Olimpiya tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilib, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılib.

“İdman administratorluğu kursu”nu bitirənlərə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.

Xəbər 990 dəfə oxundu.