Yamayka yığması üzvü Bakıda
“Lokomotiv” heyətini gücləndirməkdə davam edir. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında debüt edəcək “dəmiryolçular” braziliyalı Ju Kostanın ardından növbəti ulduzla anlaşıblar. Belə ki, yeni ildən Pyotr Xilkonun çalışdıracağı komanda Yamayka yığmasının voleybolçusu Lesia Braunu rənglərinə bağlayıb.

2008-ci ildən millisinin şərəfini qoruyan və kapitanı olan 24 yaşlı orta sahə oyunçusu 1 illik müqaviləyə imza atıb. O, son 2 mövsümü Polşanın PTPS Pila klubunda keçirib.

Peşəkar karyerasına 2006-cı ildə ABŞ-ın “University of Louisville” komandasında başlayan və 4 il burada çıxış edən 178 sm boya malik Braun 2009/2010 mövsümündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Dəmiryolçular”ın yeni transferi, Super Liqanın ilk yamaykalısı son ildə isə PTPS Pila-nın da ən yaxşı oyunçusu və Polşa çempionatının ən yaxşı blokçusu seçilib.

Qeyd edək ki, Ju Kosta və Braunla güclənən “Lokomotiv” ötən ilki heyətdən Vera Klimoviçlə Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya) və Mariya Filipova (Bolqarıstan) ilə də müqaviləni yeniləyib.

Xəbər 1016 dəfə oxundu.