Teymur Rəcəbov: Bu yoldaşlıq görüşüdür
“Əlbəttə, sonda oyunu davam etdirmək olardı. Ancaq vaxt amili də xoşuma gəlmədi. Həm də bəyənmədiyim qara fiqurların oyununun çox asan olması idi”. İdman.com.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Teymur Rəcəbov deyib. Həmyerlimiz Mixail Talın xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq turnirin 3-cü turunda rusiyalı Vladimir Kramniklə oyununu şərh edib. Ağ fiqurlarla heç-heçə edən həmyerlimiz rəqibinin oyun üslubundan narazı qalıb:

“Qara fiqurlar, sadəcə yerlərində dura bilərlər. Mənə isə həmişə plan fikirləşmək, buna vaxt sərf etmək lazım gəlir. Açığı, ağlarda da ideal düzülüşü görmədim. Lakin onların digər maraqlı imkanları da var idi. Mənə elə gəldi ki, bu ən prinsipial davam idi. Ancaq sonradan dəqiq plan tapa bilmədim”.

Rəcəbov Azərbaycan millisinin Gürcüstan yığmasına yoxlama oyunlarında qalib gəlməsinə (14,5:10,5) də münasibət bildirib. Onun sözünə görə, partiyaları görsə də, xüsusi diqqətlə izləməyib: “Bu yoldaşlıq görüşüdür və yəqin ki, debüt ideyalar daha ciddi turnirlərə hesablanıb. Mənim orada iştirakım əvvəldən ehtimal olunmurdu. Çünki bütün şahmatçıların oyun tərzinə uyğunlaşmaq lazımdır. Bu görüşün ideyası ondadır ki, Azərbaycan yığmasının heyətində hazırda turnirlərə qatılmayan qrossmeysterlər təcrübə toplasınlar. Məndə isə bu yetərincədir. Ardıcıl çoxlu turnirlərdə iştirak etmişəm”.

Teymur komanda yoldaşı Şəhriyar Məmmədyarovun Şanava ilə dünənki partiyasını qeyd edərək, onun barəsində xoş sözlər də deyib: “O, matçda bütün fiqurlarını qurban verdi və bu çox gözəl alındı. 24 gedişə hər şey bitdi”.

Qeyd edək ki, Teymur bu gün IV turda Aleksandr Morozoviçlə oynayacaq. Aktivlərində 2,5 xalı olan hər 2 şahmatçı 1-2-ci yerləri bölüşdürürlər.

Xəbər 3691 dəfə oxundu.