AFFA “Neftçi” ilə “Bakı”nı ağır cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. İdman.com.az saytının məlumatına görə, iclasda əsas müzakirə mövzusu iyunun 7-də keçirilmiş “Kapital Bank U-15 Liqa”nın “Bakı” və “Neftçi” arasında final oyunu olub. Qarşılaşmadan sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidenti araşdıran komitə günahkarları cəzalandırıb.

Kütləvi dava-dalaşda iştirak etdiyi üçün “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov və “Neftçi”nin icraçı direktoru Mübariz Xudiyevin cəzası ağır olub. Onların Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarında keçirilən rəsmi oyunda stadiona girişinə qadağan qoyulub.

Seyidov 12, Xudiyev 10 oyunluq cəza alıb. Bu cəza hər bir yarış üçün ayrı-ayrılıqda müəyyən edilib. Onların hərəkətləri üzündən hər 2 klub 6000 manat məbləğində cərimə olunub.
“Bakı”nın qapıçılar üzrə məşqçisi Müəmmar Zəkir və “Neftçi”nin məşqçisi Arif Abbasov aqressiv hərəkətlərinə görə hərəyə 20 oyunluq cəzalandırılıb.

“Bakı”nın futbolçuları Elçin Tağıyev, Mahir Mədətov və Renat Ağaverdiyev, “Neftçi”nin üzvləri Zeynal Zeynalov, Teymur Kamal və Emil Həsənzadə kütləvi dava-dalaşda aktiv iştirak etdikləri üçün növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılıb.

“Neftçi” “Kapital Bank U-15 Liqa”nın qalibi üçün nəzərdə tutulan ölkə xaricində təlim-məşq toplanışına göndərilmək və qiymətli mükafatlar almaq, “Bakı” isə ikinci yerinin sahibi üçün nəzərdə tutulan qiymətli mükafatlar almaq hüququndan məhrum edilib.

“Neftçi” və “Bakı”nın U-15 komandasının kütləvi dava-dalaşda iştirak edən üzvlərinin milliyə çağırılmasına qeyri-müəyyən müddətə qadağa qoyulub. Lakin müvafiq yaş qrupları üzrə yığma komandaların baş məşqçilərinin təqdimatına əsasən bu məsələyə yenidən baxıla bilər.

Hər iki klubun rəhbərlərinə tapşırılıb ki, komanda üzvləri arasında etik qaydalara riayət olunması, rəqib komandanın üzvlərinə və rəsmi heyətinə hörmətlə davranması ilə bağlı müvafiq iş apararaq bu barədə AFFA-ya məlumat versinlər.

Xəbər 1042 dəfə oxundu.