Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarının təqvimi müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun təqvimi müəyyənləşib.

İki günlük tura martın 14-də “Sabah”-“Keşlə” matçı ilə start veriləcək. “Bank Respublika Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq. Günün ikinci görüşündə “Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Turun üçüncü oyunu isə martın 15-də oynanılacaq. “Sumqayıt” komandası doğma meydanda “Səbail”i qəbul edəcək. Matç saat 16:00-da başlayacaq. Premyer Liqanın XXI turuna həmin gün saat 18:00-da başlayacaq “Neftçi”-“Zirə” matçı ilə yekun vurulacaq. Görüş “Bakcell Arena”da keçiriləcək. Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.


Xəbər 823 dəfə oxundu.