“Baku open” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib
Bakıda Boks İdman Mərkəzində XI “Baku open” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə karatenin Azərbaycanda populyar idman növlərindən biri olduğunu qeyd edib. Turnirin ənənəvi olaraq hər il keçirildiyini bildirən vitse-prezident yarışın bu dəfə dünya şöhrətli idmançımız Rafael Ağayevin 35 illik yubileyinə həsr olunduğunu vurğulayıb. Qeyd edib ki, karateçilərimiz Rafael Ağayev və İrina Zaretska “Tokio-2020”yə lisenziya əldə ediblər. Ç.Hüseynzadə Azərbaycan idmançılarının Olimpiadada böyük nailiyyətlər əldə edəcəklərinə inandığını bildirib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycanda idmanın, o cümlədən karatenin inkişafından danışıb. Bildirib ki, ölkəmizdə irimiqyaslı beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir. Bakıda martın 25-29-da “Tokio 2020”yə lisenziya xarakterli turnirin - 55-ci Avropa çempionatının keçiriləcəyini qeyd edən F.Mansurov bu nüfuzlu yarışın da ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Azərbaycanda bütün idman növlərinə, o cümlədən karatenin inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərildiyini bildirib. O, bu qayğıya cavab olaraq Azərbaycan karateçilərinin böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb. Y.Bəşirov əsas hədəfin Tokio Yay Olimpiya Oyunları olduğunu və idmançılarımızın bu nüfuzlu yarışa daha çox lisenziya əldə edib Olimpiadada parlaq nailiyyətlər qazanmaq üçün çalışacaqlarını deyib.

Tədbirdə Rafael Ağayev, İrina Zaretska və digərləri çıxış edərək Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafına verilən dövlət dəstəyini qeyd ediblər. Onlar Azərbaycan karateçilərinin daha böyük nailiyyətlər qazanacaqlarına əmin olduqlarını bildiriblər.

Sonda qonaqlara xatirə hədiyyələri, R.Ağayev və İ.Zaretskaya xüsusi hədiyyələr təqdim edilib.

Martın 5-də start götürən yarışın birinci günündə böyüklər və veteranlar, bu gün - turnirin ikinci günündə 16-17 yaşlı və 18-21 yaşlı gənclər, martın 7-də 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar yarışa qoşulacaqlar.

Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.


Xəbər 874 dəfə oxundu.