Qaxda idman sahəsində fərqlənənlər mükafatlandırılıblar
Qax rayonunda 112 ilk bədən tərbiyəsi kollektivi fəaliyyət göstərir. Bu kollektivlərdə rayonun 6 minə yaxın sakini müntəzəm olaraq bədən tərbiyəsi və idmanla məşğul olur. Rayonda Olimpiya İdman Kompleksi, 2 futbol meydançası, 31 idman zalı, 4 atıcılıq tiri, 3 üzgüçülük hovuzu, şahmat məktəbi, 165 sadə idman qurğusu hər gün idmanla məşğul olanların ixtiyarındadır.

Bu barədə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Qax şəhərində rayonun idman ictimaiyyəti nümayəndələri ilə keçirilən görüşdə məlumat verilib.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, 2019-cu ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan idarə rəisi, bu istiqamətdə tədbirlərin indi də ardıcıl davam etdirildiyini, Azərbaycanın idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb.

Bildirilib ki, hazırda rayonda 623 nəfər müxtəlif dərəcəli idmançı var. Onlardan 20 nəfəri birinci, 261 nəfər ikinci, 342 nəfər isə üçüncü dərəcəli idmançılardır.

Tədbirin sonunda bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçi və idmançılara fəxri fərmanlar təqdim olunub.

Xəbər 994 dəfə oxundu.