Güləşçilərimiz Avropa Olimpiya təsnifat turnirinə Hindistan yığması ilə birgə hazırlaşırlar
Martın 5-də yunan-Roma güləşi üzrə yığmamız lisenziya turniri ərəfəsində sonuncu təlim-məşq toplanışına start verib.

Millimiz hazırlıq prosesini Bakıda keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında reallaşan hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində təşkil olunub. Öncəki toplanışda əsasən fiziki hazırlığın yüksəldilməsinə diqqət ayrılmışdısa, bu dəfə daha çox taktiki-texniki çalışmalara üstünlük veriləcək.

Martın 19-dək davam edəcək hazırlıq prosesində Hindistan yığması da iştirak edir. Bu komanda son Asiya çempionatında 1 qızıl, 4 bürünc medal qazanaraq komanda hesabında ikinci yeri tutub.

Xatırladaq ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya təsnifat turniri çərçivəsində martın 21-22-də yunan-Roma güləşçiləri “Tokio-2020”yə lisenziya qazanmağa çalışacaqlar. Millimiz 60, 67, 77, 87, 97 və 130 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaqlar.

Xəbər 1120 dəfə oxundu.