Avarçəkənlərimiz Böyük Moskva Reqatasında yarışıblar

Rusiyanın paytaxtında akademik avarçəkmə üzrə 51-ci dəfə keçirilən Böyük Moskva Reqatasında Azərbaycan da təmsil olunub.
Bir nəfərlik qayıqla mübarizə aparan Aleksandr Qlotov yarımfinalda 2000 metr məsafəyə yürüşdə 7 dəqiqə 32,487 saniyə nəticə ilə 4-cü yeri tutub. Avarçəkənimiz bu nəticə ilə əsas finala vəsiqə qazana bilməyib. B finalında isə A.Qlotov finişə 7 dəqiqə 47,398 saniyəyə çataraq, ümumi sıralamada 9-cu yerə çıxıb.
2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqla çıxış edən Fərid Saadov – Kamal Xanlarov dueti də mükafatçılar sırasına düşə bilməyib. Onlar yarımfinal yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 5,556 saniyəyə qət edərək, 4-cü yeri tutublar. Bu nəticə ilə onlar B finalında yarışıblar. Saadov – Xanlarov cütlüyü bu dəfə finişə 7 dəqiqə 20,138 saniyəyə çataraq, yekunda 7-ci olub.
Böyük Moskva Reqatasında Azərbaycanla yanaşı, Belarus, Çin, Latviya, Litva, Macarıstan, Qazaxıstan, Moldova, Özbəkistan, Ukrayna, Estoniya və Rusiyanın müxtəlif bölgələrindən ümumilikdə 550-dək akademik avarçəkən mübarizə aparıb.

Xəbər 1223 dəfə oxundu.