Ölkəmizdə bədən tərbiyəsi və idmana böyük diqqət göstərilir
5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür. Bildiyimiz kimi, 1995–ci ilin məhz bu günü ulu öndər Heydər Əliyev bir qrup idmançı ilə görüşüb, onları yüksək dövlət mükafatları ilə təltif etmişdi. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev 2005–ci il martın 4-də hər il martın 5–nin Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunması barədə sərəncam imzalayıb. Bu sənəd dövlətin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.

Bu sözləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Ölkəmizdə bədən tərbiyəsi və idmana böyük diqqət göstərildiyini bildirən Raqif Abbasov qeyd edib ki, gənclər hər il ənənəvi olaraq Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirlər. O cümlədən bu əlamətdar gün münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir. Dəyirmi masalar, yeniyetmə idmançılarla görüş və onların mükafatlandırılması, Gənc Əlillərin Reabiltasiya Mərkəzində rəsm və əl işlərindən ibarət sərgi, “ASAN xidmət” işçiləri arasında voleybol turniri, kunq-fu üzrə Bakı şəhər turniri, kross qaçışı üzrə Bakı şəhər yaz çempionatı, WKF karate üzrə Bakı şəhər kuboku və bir sıra turnirlər bu qəbildəndir.

“Azərbaycan gəncliyi bu gün vətənpərvər ruhda yetişir. Gənclərimiz gündən-günə çiçəklənən Azərbaycanın daha da inkişafı naminə Prezidentimizin ətrafında sıx birləşiblər”, - deyə o bildirib.

AZƏRTAC

Xəbər 816 dəfə oxundu.