Taekvondo üzrə açıq Bakı birinciliyində ilk üç pilləni tutan komandalar müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş açıq paytaxt birinciliyinə yekun vurulub.

Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən yarışlarda respublikada fəaliyyət göstərən 49 klub və bölmələrdən, eləcə də Rusiya və Gürcüstandan ümumilikdə 750-dək uşaq, yeniyetmə və gənc taekvondoçu iştirak edib.

Yarışda ilk pilləyə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası sahib olub. İkinci yeri “Rizvan” taekvondo klubu, üçüncü yeri isə Tovuz komandası tutub. Dördüncü və beşinci yerə müvafiq olaraq “Xəzər” taekvondo klubu və Təhsil-Sumqayıt komandası layiq görülüb.

Üç gün davam edən birincilikdə 2009-2011-ci, 2006-2008–ci və 2003-2005-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar.
“DAEDO International” taekvondo sistemi üzrə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.

Turnirdə mükafatçılar sırasında yer alan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Xəbər 901 dəfə oxundu.