Bakıda “Voleybol üçün daha bir gün” devizi altında festival təşkil olunub
Avropa Voleybol Konfederasiyası (CEV) dörd ildən bir təsadüf etdiyimiz fevralın 29-da “Voleybol üçün daha bir gün” devizi altında festival təşkil edir. Azərbaycan Voleybol Federasiyası (AVF) da bu gün münasibətilə festival keçirib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan festivalda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək voleybol günü münasibətilə təbriklərini çatdırıb. Voleybolun ölkəmizdə populyar idman növü olduğunu və sürətlə inkişaf etdiyini vurğulayan nazir müavini deyib: “Əminəm ki, bu yüksəliş davam edəcək. Dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda voleybolun inkişafı üçün hər cür şərait yaradılıb. Nəinki paytaxt Bakıda, regionlarda da böyük idman tədbirləri keçirilir. Hər il dünyanın 60-dək ən möhtəşəm idman tədbiri Azərbaycanda təşkil olunur. Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısı nəticəsində ali idman qurumları irimiqyaslı tədbirlərin təşkilini ölkəmizə həvalə edirlər”.
Fevralın 29-nun Azərbaycan voleybolu üçün xüsusi gün olduğunu söyləyən AVF-nin birinci vitse-prezidenti Faiq Qarayev ölkəmizdə idmanın bu növünün böyük tarixə malik olduğunu vurğulayıb: “Bizim böyük idmançılarımız olublar. Həyatda olmayanlara Allahdan rəhmət diləyirik. Voleybolumuzun bu yerə çatmasında onların böyük rolu var. Bu gün bütün insanlar çalışırlar ki, voleybol daha yüksək yerlərə qalxsın. Federasiyanın prezidenti adından hər kəsə təşəkkür edirəm, voleybolu sevənlərə, xalqımıza cansağlığı arzulayıram”.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Şəfaqət Alışanova bu bayramın ölkəmizdə qeyd olunmasına sevindiyini bildirib, voleybolçular adından dövlətimizin başçısı İlham Əliyevə, AVF-nin prezidenti Cavid Qurbanova təşəkkürünü bildirib. O, Azərbaycan voleybolunu dünyada tanıdan, hamıya sevdirən Faiq Qarayevə də minnətdarlıq edib.
Daha sonra konsert proqramı olub.
Proqram başa çatdıqdan sonra istedadlı voleybolçuların seçimi olub.
Qeyd edək ki, Avropada bu gün ilk dəfə 2016-cı ildə qeyd edilib. Həmin gün CEV-nin tərkibində olan federasiyalar müxtəlif tədbirlər, peşəkar, həvəskar voleybolçular üçün matçlar keçiriblər. Ən maraqlısı isə odur ki, keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanıb.

Xəbər 817 dəfə oxundu.