Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib
Fevralı 27-də Bakıda “Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib.

Forumun məqsədi gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq olunması, bu hərəkatın inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Qırx iki ölkədən 80-dək nümayəndənin qatıldığı tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, könüllülük hərəkatının 100 ildən çox tarixi var. İlk vaxtlar könüllülər əsasən hərbçilərdən ibarət idilər və onlar xilasetmə, dəstək işlərinə cəlb olunurdular. Bu gün isə artıq könüllülük prinsipləri dəyişib. Könüllülər sosial məsələlərə, idman, mədəniyyət, ətraf mühit və digər sahələrə fəal cəlb edilirlər.

Nazir vurğulayıb ki, Azərbaycan könüllülük fəaliyyətini yüksək səviyyədə dəstəkləyən ölkələrdən biridir. 2009-cu ildə “Könüllülük haqqında” qanun qəbul olunub. Bu gün ölkəmizdə könüllülərin sayı sürətlə artır. Könüllülər müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.

Digər çıxışlarda da könüllülük hərəkatının geniş vüsət almasından bəhs olunub.

Xəbər 6377 dəfə oxundu.