Füqan Əliyev ağır atletika üzrə Azərbaycan çempionu olub
Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azsport.az saytına bildiriblər ki, Gənclər və İdman Nazirliyinin və AAAF-ın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatda 81 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında Füqan Əliyev toplam 273 kiloqram (123+150) nəticə ilə çempion adını qazanıb. Nurlan Rəsulov toplam 269 kiloqram (118+151) nəticə ilə ikinci, Kənan Əliquliyev isə toplam 267 kiloqram (117+150) nəticə ilə üçüncü yeri tutublar.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


Xəbər 1327 dəfə oxundu.