Ağır atletika üzrə Azərbaycan çempionatında qadınların yarışı başlayıb
Fevralın 21-də Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azsport.az saytına bildiriblər ki, Gənclər və İdman Nazirliyinin, AAAF-ın birgə təşkil etdiyi yarışda ölkəmizin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatda körpücük üzərinə əvvəlcə qadınlar çıxıblar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kiloqram (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219,7 xalla qızıl medala layiq görülüb. Günel Vəliyeva toplam 161 kiloqram (71+90) nəticə və 217,3 xalla ikinci, Gülçin Əlizadə isə 139 kiloqram (62+77) nəticə və 199,1 xalla üçüncü pillədə qərarlaşıblar.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 955 dəfə oxundu.