Yaponiyanın müvafiq qurumları Azərbaycan Paralimpiya Komitəsi ilə əməkdaşlıqda maraqlıdır
Yaponiya Paralimpiya Komitəsi Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Bu fikir AMPK-nin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılının Yaponiya Paralimpiya Komitəsinin prezidenti Zyuniçi Kavai ilə fevralın 21-də keçirilən görüşündə səslənib.

Görüşdə Azərbaycanın və Yaponiyanın Paralimpiya komitələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərilməsi nəticəsində paralimpiyaçılarımızın müxtəlif yarışlarda böyük nailiyyətlər əldə etdiyi xüsusi vurğulanıb. Yaponiya Paralimpiya Komitəsinin prezidenti cari il mayın 11-12-də Bakıda keçiriləcək “Ibsa Judo Grand Prix Baku 2020” oyunlarına dəvət edilib. Qeyd olunub ki, 40-dan çox ölkədən 400-dək idmançının qatılacağı həmin beynəlxalq yarış ikinci dəfədir keçirilir və beynəlxalq idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycanlı idmançıların çıxışlarının Yaponiyada da böyük maraqla izlənildiyini bildirən Z.Kavai dəvəti məmnuniyyətlə qəbul etdiyini və yarışlara baxmaq üçün mütləq Bakıya gələcəyini deyib.
Həmin gün Yaponiya Fondunun proqram direktoru Ceyms Hafman ilə keçirilən görüşdə AMPK ilə bu qurum arasında əməkdaşlığın qurulması və gələcəkdə birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb. Yaponiya Fondunun nümayəndəsinə AMPK-nın tarixi, beynəlxalq nailiyyətləri, Azərbaycan Uşaq Paralimpiya Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Yaponiya Fondunun tərkibində paralimpiya üzrə xüsusi seksiyanın fəaliyyət göstərdiyini xatırladan C.Hafman əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətini qeyd edib. O, birgə layihələrin təkcə idmançılar arasında deyil, həmçinin Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi və konkret birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər 895 dəfə oxundu.