“AZE Nakhcivan-Köln” futbol klubu Almaniyada rəsmən fəaliyyətə başlayıb
Almaniyanın Köln şəhərində fəaliyyət göstərən “AZE Nakhcivan-Köln” futbol klubunun açılış mərasimi keçirilib. Klubun bazasında baş tutan açılış mərasiminə Türkiyə mediasının nümayəndələri də qatılıblar.

Tədbirdə Türkiyə və Azərbaycan arasında idman sahəsində əməkdaşlığın önəmi vurğulanıb və bu sahədə atılan addımlar barədə məlumat verilib.

Klubun prezidenti Aydın Karaca Almaniyada yeganə Azərbaycan futbol klubunun fəaliyyətə başlamasından məmnunluğunu ifadə edərək deyib: “Hədəfimiz uşaq futboluna diqqət ayırmaq, peşəkar səviyyəli gənc futbolçular yetişdirməkdir. Azərbaycanlı gənclərin peşəkar futbolçu kimi yetişmələri bizim üçün vacib məsələdir. Uşaqlarımızın inkişaf etməsi və onların səslərinin Avropanın adlı-sanlı klublarından gəlməsi bizim üçün qürurdur”.

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və “AZE Nakhcivan-Köln” klubunun vitse-prezidenti Rəşad Quliyev Avropadakı azərbaycanlıları təmsil edən futbol klubunun təsis edilməsinin zərurətdən irəli gəldiyini bildirib. R.Quliyev klubun adının Naxçıvan olmasının önəmini qeyd edərək deyib: “Naxçıvan Türkiyə ilə sərhəddə yerləşən muxtar respublikadır. Bu klubun fəaliyyətə başlaması Naxçıvanın və onun timsalında Azərbaycanın Avropada təbliği, eyni zamanda, ölkə futbolunun inkişafına dəstək verilməsi işinə töhfə olacaq. Almaniya futbolu reytinqinə görə dünyada üçüncü yerdədir. Burada uşaq futboluna fərqli yanaşma var. Hesab edirəm ki, Almaniya futbol məktəbinin xüsusiyyətlərini mənimsəmək Azərbaycan futbolunun inkişafına müsbət təsir edəcək. Çox ciddi planlarımız var. Bu planların həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq. Çünki bu, həm də milli məsələdir”.

Xəbər 690 dəfə oxundu.