Azərbaycanın gənc qılıncoynadanları İsveçrədə dünya kubokunun mərhələ yarışında iştirak ediblər
Qılıncoynatma üzrə Azərbaycan milli komandasının üzvləri İsveçrənin Bazel şəhərində keçirilən gənclər arasında dünya kubokunun mərhələ yarışında iştirak ediblər.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Ruslan Həsənov pley-offun ilk görüşündə Belçika təmsilçisi Robin Daouta 15:6 hesabı ilə qalib gəlsə də, otuzikidəbir finalda fransalı Alban Dianeyə 12:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsində 5 qələbə qazanan Barat Quliyev də otuzikidəbir finala yüksəlməyi bacarıb. Təmsilçimiz növbəti mərhələdə İtaliya idmançısı Masarin Rikkardoya 7:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 2 qələbəsi olan Xalid Əliyev və bu mərhələdə 1 görüşdə qalib gələn Fərrux Səfərov isə mübarizəni erkən dayandırıblar.

Gənc şpaqaçılarımız komanda yarışında turnirin finalına kimi irəliləyən isveçrəli şpaqaçılara 40:45 hesabı ilə məğlub olublar.


Xəbər 894 dəfə oxundu.