"Bakı" ədalət istəyir
"Bakı" klubu iyunun 7-də "Kapital Bank U-15" liqasının final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, məlumatda "Dalğa Arena"da “Neftçi” ilə matçdakı sonra yaşananlar ölkə futboluna başucalığı gətirmir. "Bakı" və "Neftçi"nin 15 yaşlı futbolçulardan ibarət komandalarının oyunundan sonra yaşanan qalmaqal bütün idman ictimaiyyətinin hiddətinə səbəb olub: "Bakı" futbol klubu olaraq bəyan edirik ki, maraqlı mübarizədə keçən idman yarışının başa çatmasından sonra yaşanan insident rəqib komandanın azarkeşlərinin və klubumuza aid olmayan kənar şəxslərin meydana daxil olması nəticəsində baş vermişdir.

Biz bunu Azərbaycan idmanına yaraşmayan neqativ hal kimi pisləyir və belə halların bir daha təkrarlanmamağı üçün zəruri addımların atılmasını tələb edirik. Burada xatırlamaq yerinə düşər ki, son illər analoji qalmaqallar ölkə futbolunda ilk dəfə deyil ki, baş verir. Diqqətçəkən budur ki, onların əksəriyyətində yalnız bir tərəfin adı çəkilir. 2009-2012-ci illər Azərbaycan çempionatının "Neftçi"nin iştirakı ilə keçirilən oyunlarında Coel Epalle, Elvin Əliyev, İbrahim Karqbonun fiziki təzyigə məruz qalması, "Qəbələ" futbol klubunun futbolçularına qarşı güc tətbiq edilməsi, AZAL rəhbərliyinə qarşı hörmətsizlik, "İnter" klubunun oyunçularının döyülməsi kimi faktlar nədənsə ancaq "Neftçi" ilə oyunlara təsadüf edir”.

Azərbaycan kubokunun son qalibi aidiyyəti qurumlardan xahiş edir ki, son qalmaqalla bağlı məsələləri araşdırarkən yuxarıda sadalanan faktların hansı məqamlardan qaynaqlanmasını nəzərdən qaçırmasınlar: "Bakı" futbol klubu 7 iyun 2012-ci il tarixdə baş verən insidentin araşdırılması və günahkarların cəzalandırılmasını tələb etməklə bərabər, belə utancverici halların baş vermə səbəbi və mənbəyini də üzə çıxararaq, müvafiq nəticə çıxaracağına ümid edir”.

Xəbər 1053 dəfə oxundu.