Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun təmsilçiləri güləş üzrə Avropa çempionatında dörd medal qazanıblar
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında milli komandamızın tərkibində yarışan Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri də uğurla çıxış edirlər.

Avropa çempionatının finalında mübarizə aparan sərbəst güləşçimiz baş leytenant Ağahüseyn Mustafayev (70 kiloqram) yarışların gümüş medalına sahib olub.

Pəhləvanımız A.Mustafayev ilk mərhələdə Ermənistan idmançısı ilə üz-üzə gəlib. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 hesabı ilə önə keçib. Ancaq özünü itirməyən idmançımız inanılmaz əzmkarlıq nümayiş etdirərək geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş mükafatçısı yarışa inamlı qələbə ilə start verib və 15:8 hesabı ilə qalib gəlib. Təmsilçimiz sonra Belarus güləşçisindən güclü olub. Ukrayna güləşçisini də mübarizədən kənarlaşdıran idmançımız yarımfinala adlayıb. A.Mustafayev Moldovadan olan güləşçi üzərində qələbə qazanaraq ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Polşanı təmsil edən dağıstanlı güləşçiyə uduzan A.Ağahüseyn Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

Millimizin tərkibində çıxış edən digər MOİK təmsilçiləri də yarışlarda inamla çıxış edərək bir qızıl, bir gümüş, ikisi bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar.

Xəbər 631 dəfə oxundu.