Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə XII Azərbaycan çempionatının açılışı olub
Fevralın 15-də Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında muay-tay idman növü üzrə XII Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoy ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində bu sahə gündən-günə öz inkişafını sürətləndirir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərində də nailiyyətlər getdikcə artır. Azərbaycanda bu idman növünə gənclər arasında maraq çoxdur və gələcəkdə bu sahədə daha böyük qələbələr qazanılacaq.

Federasiya rəhbəri bildirib ki, ölkəmizdə Qarabağ şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirlər artıq ənənə halı alıb. Sevindirici haldır ki, belə turnirlər yeniyetmə və gənclərin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacaq.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 200-ə yaxın idmançı qatılıb.

Çempionatda Bakı, Gəncə, Bərdə, Mingəçevir, Quba və Salyandan idmançılar mübarizə aparırlar.

Xəbər 663 dəfə oxundu.