Sərbəst güləşçimiz İntiqam Vəlizadə Avropa çempionatının yarımfinalında mübarizə aparacaq
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Fevralın 15-də - çempionatın altıncı günündə beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Yarışa dörddəbir final mərhələsindən başlayan İntiqam Vəlizadə (61 kq) Türkiyə güləşçisinə qalib gələrək yarımfinala yüksəlib.
Hacımurad Hacıyev (74 kq) startda Polşa güləşçisini vaxtından əvvəl üstələsə də, ikiqat dünya və üçqat Avropa çempionu Frank Çamizoya uduzub.
Abubakr Abakarov (86 kq) birinci görüşündə Latviya idmançısını yarışdan erkən kənarlaşdırıb. Ancaq Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonov idmançımız üçün keçilməz olub.
Aslanbek Alborov (92 kq) təsnifat mərhələsində macar güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Türkiyə pəhləvanına məğlub olub.
Camaləddin Məhəmmədov (125 kq) isə əvvəlcə bosniyalı, daha sonra türkiyəli rəqibini vaxtından əvvəl qalib gəlib. Lakin dörddəbir finalda Polşa güləşçisinə yenilib.

Xəbər 855 dəfə oxundu.