Bakıda keçirilən tamblinq və batut üzrə fərdi yarışlarda finalçılar müəyyənləşib
Fevralın 15-də Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına start verilib.

Milli Gimnastika Arenasında keçirilən turnirdə əvvəlcə tamblinqçilər güclərini sınayıblar. Kişilərin yarışında Azərbaycan idmançısı Fərid Mustafayev finala yüksəlib. Hakimlərdən 60,900 xal alan gimnastımız həlledici mərhələdə mübarizə aparacaq. F.Mustafayev ilə yanaşı, medallar uğrunda ABŞ təmsilçiləri Kaden Braun, Aleksandr Renkert, rusiyalı Aleksandr Lisitsin, Maksim Ryabikov, Qazaxıstan gimnastları Aleksandr Romaxov, Rustam Yusuppov və avstraliyalı Etan Makquinnes də yarışacaqlar.
Qadın tamblinqçilərin yarışında isə ABŞ idmançıları Hope Bravo, Tia Teylor, fransalı Emilie Vambote, Kendi Briere-Vetillard, Rusiya təmsilçiləri Viktoriya Danilenko, İrina Siliçeva və ukraynalı Darina Koziarska finala adlayıblar.
Kişi batutçuların fərdi təsnifat yarışlarında uğurla çıxış edən Belarus idmançıları Vladislav Qançarov, İvan Litvinoviç, çinli Qao Ley, Donq Donq, rusiyalı Dmitri Uşakov, Nikita Federenko, Yaponiya təmsilçisi Daiki Kişi və ukraynalı Mikola Prostorov həlledici mərhələyə yüksəliblər.
Çin idmançıları Xueyinq Cu, Linqlinq Liu, Yaponiya batutçuları Ayano Kişi, Mequ Uyama, ABŞ təmsilçisi Şarlotta Duri, britaniyalı Katerina Driskol, kanadalı Samanta Smit və avstraliyalı Cessika Pikerinq qadınların mübarizəsində fərqlənərək finala vəsiqə qazanıblar. Yarışda çıxış edən Azərbaycan təmsilçisi Selcan Maqsudova iki hərəkətin cəmində 99,935 xal toplayaraq ümumi sıralamada 32-ci olub və finala adlaya bilməyib.
Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan ikigünlük yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparır. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.
Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Xəbər 741 dəfə oxundu.