“Qalatasaray”ın məşqçisi “Rəvan”ın başına gətirildi
Türkiyəli məşqçi Cavad Gülər “Rəvan”ın tarixinə düşüb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, 53 yaşlı çalışdırıcı klubun tarixində ilk əcnəbi baş məşqçisi olacaq. Bunadək “Rəvan”a 2 çalışdırıcı rəhbərlik edib ki, onların hər ikisi yerlidir. Söhbət komandanı I divizionda çalışdıraraq, Premyer Liqaya çıxaran Vladislav Qədirovla yüksək liqada ilk baş məşqçisi olan Bəhmən Həsənovdan gedir. Gülər ötən mövsümü başa vuran Həsənovu əvəzləyib.

Gülərin 1985-ci ildən başlayan məşqçilər karyerasında ən mühüm yer “Beşikdaş” və “Qalatasaray”da olub. O, 1997-2000-ci illərdə “Qara Qartallar”ın aşağı yaş qruplarına rəhbərlik edib. Gülərin karyerasında ən uğurlu dövr isə “Cim Bom”un ötən mövsümədək olan son çempionluğuna təsadüf edib.

Belə ki, “Qalatasaray” 2007/08 mövsümündə sona 5 həftə qalmış almaniyalı baş məşqçisi Karl-Hayns Feldkampın istefasından onun köməkçisi olan Gülərə tapşırılıb və sonda Türkiyə çempionu olub. “Rəvan”ın yeni çalışdırıcısı növbəti mövsümdə yenidən köməkçi işləyərək, həmin çempionatın sonunda klubdan gedib.

Xəbər 1229 dəfə oxundu.