Olimpiya və Paralimpiya yığma komandalarımız “Tokio-2020”də eyni forma ilə çıxış edəcəklər
Fevralın 14-də Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, MOK-un baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Memorandumu MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və MPK-nın prezidenti İlqar Rəhimov imzalayıblar.

Hər iki qurum arasında sıx əməkdaşlığın uzun illərdir mövcud olduğunu diqqətə çatdıran MOK-un vitse-prezidenti deyib: “Artıq əməkdaşlığımızı rəsmiləşdirmək qərarına gəldik. Bu əməkdaşlıq ölkəmizdə idmanın inkişafına və kütləviliyinin artırılmasına xidmət edəcək. Olimpiya və Paralimpiya yığma komandalarımız “Tokio-2020”də eyni forma ilə çıxış edəcəklər”.

İdmançılarımızın sonuncu – “Rio-2016” Olimpiya Oyunlarında 18 medal qazandıqlarını xatırladan Ç.Hüseynzadə bildirib ki, bu göstəricini təkrarlamaq çətin olacaq. Əsas hədəfi medalların əyarına yönəltmək istəyirik. “Rio-2016”da komandamız bir qızıl medal qazanmışdı. Ümid edirəm ki, Tokioda qızıl medalların sayı daha çox olacaq.

Memorandumu tarixi hadisə adlandıran MPK-nın prezidenti İ.Rəhimov idmanın ölkəmizdə prioritet sahələrdən olduğunu deyib: “Ümid edirəm ki, idmançılarımız Tokio keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarında da bizi sevindirəcək və himnimizi səsləndirəcəklər. Ölkəmizdə olimpiyaçılarla paralimpiyaçılar arasında heç bir fərq qoyulmur. Hər iki komanda ölkəmizdə idmanın inkişafına xidmət edir. Hazırda paralimpiyaçılarımız “Tokio-2020”yə 7 lisenziya qazanıblar. Paralimpiya Oyunlarında 30-32 idmançı ilə təmsil olunacağımızı proqnozlaşdırırıq. Bu göstərici “Rio-2016” Yay Paralimpiya Oyunlarındakından çoxdur. Braziliyada 24 paralimpiyaçımız medallar uğrunda mübarizə aparmışdı”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Azərbaycanın Olimpiya və Paralimpiya tarixində ilk dəfə baş tutan bu rəsmi əməkdaşlıq “Tokio-2020”nin, həmçinin Olimpiadada və Paralimpiadada ölkəmizi təmsil edəcək komandaların birgə təbliğinə və təşviqinə xidmət edir. Memoranduma əsasən, marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Oyunların və komandaların təbliği və təşviqində aparıcı rol MOK-a məxsus olacaq. Bu işdə “Rio-2016” Yay Olimpiya Oyunlarında əldə olunan uğurlu təcrübənin tətbiq edilməsi planlaşdırılır. Hətta “Tokio-2020” Olimpiya Oyunları üçün xüsusi strategiya hazırlanıb. Həmin strategiya “Minsk-2019” ikinci Avropa Oyunlarında uğurla sınaqdan keçirilib.

Xəbər 818 dəfə oxundu.