İdman jurnalistləri Budapeştdə bir araya gəldilər
Fevralın 3-dən 5-dək Macarıstanın paytaxtı Budapeştdə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 83-cü konqresi keçirildi.

Konqresin birinci günündə "Media Awards" mükafatlarının təqdimatı keçirildi. Maraqlıdır ki, ötən il Azərbaycanda, Gədəbəydə keçirilmiş Milli Yaylaq Festivalında çəkdiyi şəkillər sayəsində rusiyalı fotoqraf Sergey Kivrin fotomüsabiqə nominasiyasında mükafata layiq görülüb. Həmin fotolar Azərbaycan Hava Yollarının jurnalında dərc edilmişdi.

Konqresin birinci günü qala mərasimi ilə başa çatdı.

Tədbirin ikinci günündə - fevralın 4-də kontinental seksiyalar üzrə iclaslar təşkil olundu. İclaslar hər qitə üzrə ayrılıqda keçirilib. AIPS Avropanın iclasının gündəliyinə əsasən, üzvlük kartları və s. məsələlər barədə müzakirələr aparılıb.

Tədbirdə, həmçinin ötən il Minskdə keçirilmiş ikinci Avropa Oyunlarının, İtaliyanın Neapol şəhərində təşkil edilən universiadanın və digər irimiqyaslı yarışların yekun təqdimatı oldu.

Bundan başqa, AIPS Avropanın İcraiyyə Komitəsinə boş qalan bir yer üçün səsvermə keçirildi. Dörd ölkədən namizədlər arasında keçirilən səsvermədə daha çox səs toplayan niderlandlı Gio Lippens İcraiyyə Komitəsinə üzv seçildi.

Sonda Ukrayna İdman Jurnalistləri Assosiasiyasının yeni prezidenti Aleksandr Qlivinski təqdimatla çıxış etdi.

Kontinental iclaslardan sonra AIPS-in konqresi başlandı. AIPS prezidenti Gianni Merlo konqres iştirakçılarını salamlayaraq, iki gün ərzində müzakirə ediləcək məsələlər barədə məlumat verdi.

Fevralın 5-də davam edən konqres iştirakçılarının diqqətini cəlb edən əsas məsələ təşkilatın nizamnaməsinə təklif edilən dəyişikliklə bağlı idi. Belə ki, bir sıra mühüm məsələlər barədə qərar vermək səlahiyyətinin konqres iştirakçılarından alınaraq AIPS İcraiyyə Komitəsinə verilməsi təklif olunurdu. Bu isə ildə bir dəfə toplanan konqres iştirakçılarının əvəzinə qərar verəcək İcraiyyə Komitəsi üzvlərinin daha operativ olması ilə əsaslandırılırdı. Lakin təklif Konqres nümayəndələri tərəfindən müsbət qarşılanmadığı üçün səsvermə zamanı qəbul edilmədi.

Konqresdə qeyd edilib ki, AIPS və qitə təşkilatlarının icraiyyə komitələrinə və digər rəhbər orqanlarına növbəti seçkilərin də təşkil olunacağı 84-cü konqresə ev sahibliyi etmək üçün iki ölkə - Koreya Respublikası və İtaliya öz namizədliklərini irəli sürüb. AIPS İcraiyyə Komitəsi yaxın vaxtlarda bu məsələyə baxacaq və növbəti konqresin məkanını elan edəcək. Çox güman ki, İtaliya variantına üstünlük veriləcək. Çünki bundan öncəki seçkilərin keçirildiyi konqres də Koreyada təşkil edilmişdi.

Günün sonunda konqres iştirakçılarının Puşkaş adına stadiona səfəri çərçivəsində jurnalistlər arasında maraqlı penalti yarışı təşkil edildi. Daha sonra stadionun banket zalında konqres iştirakçılarının şərəfinə ziyafət verildi.

Konqresin sonuncu günündə bir sıra beynəlxalq yarışların, xüsusən də Tokio Yay Olimpiya Oyunlarının təqdimatı zamanı media üçün yaradılan şərait barədə məlumat verildi, jurnalistlərin sualları cavablandırıldı. Həmçinin qadınların idman jurnalistikasında rolu mövzusunda müzakirələr aparıldı.

Konqresdə, həmçinin Yeniyetmələrin Beynəlxalq Yaşıl Oyunlarının (Green Games) təqdimatı oldu. Qeyd edildi ki, Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək yarışda Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan 195 ölkədən 4 mindən çox idmançının iştirakı planlaşdırılır. Sentyabrın 13-dən 20-dək baş tutacaq yarışlar kamandan oxatma, atletika, basketbol (5x5 və 3x3), şahmat, qayayadırmanma, kriket, e-sport, qılıncoynatma, futbol, ciu-citsu, cüdo, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol və güləş növləri üzrə keçiriləcək. İdman proqramında paralimpiyaçılar cüdo, qılıncoynatma, xüsusi olimpiyaçılar stolüstü tennis, voleybol, deflimpiyaçılar basketbol, şahmat yarışlarında güclərini sınayacaqlar.

Həmin gün konqres iştirakçıları Macarıstanın tarixi parlamentinə səfər etdilər və bağlanış mərasimi də elə həmin məkanda baş tutdu.

Konqresdə AIPS rəhbərliyinin dəvəti ilə qonaq qismində iştirak edən Azərbaycan İdman Jurnalistləri Federasiyası idarə heyətinin sədri, Əməkdar jurnalist Qabil Mehdiyev tədbirlərdə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər keçirdi. AIPS prezidenti Gianni Merlo, birinci vitse-prezidenti Esat Yılmayer, vitse-prezident Yanis Daras, AİPS Avropa prezidenti Carlz Kamenzuli ilə söhbətlər zamanı, yeni yaradılan təşkilatın məqsəd və məramı barədə ətraflı məlumat verilib. Qabil Mehdiyev həmçinin, Macarıstan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Georgi Şolozi, Belarus İdman Jurnalistləri Assosiasiyasının prezidenti Nastasiyya Marinina, Gürcüstan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Mixail Abiaşvili, Ukrayna İdman Jurnalistləri Assosiasiyasının yeni seçilmiş prezidenti Oleksandr Qlivinski, Litva İdman Jurnalistləri Assosiasiyasının prezidenti Tautvidas Vencevicus, Moldova İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eduard Çebanu və digər həmkarları ilə görüşərək təcrübə mübadiləsi edib və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib.

Xəbər 600 dəfə oxundu.