Azərbaycanın Olimpiya komandasının “Tokio-2020”yə hazırlığı müzakirə olunub
Fevralın 13-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Kator ilə görüşüb.

Görüşdə Yaponiya səfirliyinin mədəniyyət və təhsil şöbəsinin müdiri, 3-cü katib İşikava Daiki və MOK baş katibinin müavini Azər Əliyev də iştirak ediblər.

Görüşdə Azərbaycanın Olimpiya komandasının “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlığı, Oyunların Azərbaycanda təbliğinə dair MOK-un fəaliyyət planı və bu işlərin həyata keçirilməsində səfirliyin roluna dair müzakirələr aparılıb.

Ç.Hüseynzadə qonaqlara MOK-un tarixi və inkişaf yolu, “Tokio-2020” Yay Olimpiya Oyunlarının fərqli xüsusiyyətləri haqda qonaqlara ətraflı məlumat verib və Olimpiadanın əhəmiyyətini xüsusi vurğulayıb. 1964-cü ildə Yaponiyada keçirilən Olimpiadada SSRİ yığma komandasının tərkibində Azərbaycan idmançılarının yüksək nəticələr əldə etdiklərini xatırladan vitse-prezident “Tokio-2020” Olimpiadasının da atletlərimiz üçün parlaq qələbələrlə yadda qalacağına əminliyini ifadə edib.

Səfir Azərbaycan idmançılarının yapon idman növləri üzrə yüksək nəticələr göstərdiklərini bildirib. Yaponiyada Azərbaycan idmançılarının güclü rəqib olaraq qəbul edildiklərini deyən diplomat cüdoçuların yapon idmançılarla görüşlərdə qazandıqları nailiyyətləri xüsusi vurğulayıb. O, güləş üzrə Azərbaycan yığmasının Şiko şəhərində təlim-məşq toplanışı keçirdiyini də diqqətə çatdırıb.

Söhbət zamanı “Tokio-2020”nin təbliğat kampaniyası və müvafiq sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Xəbər 1006 dəfə oxundu.