İki qadın güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə - fevralın 13-də qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

Millimizin üzvü Tatyana Varansova (53 kq) ilk görüşdə İspaniya təmsilçisi ilə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb.

Alyona Kolesnik (57 kq) gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) startda dünya və ikiqat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib.

Tatyana Omelçenko (62 kq) təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığmamızın üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb.

Xəbər 802 dəfə oxundu.