Karateçilər Budapeştdə Azərbaycan Evinin qonağı olublar
Yeniyetmə və gənclərin Macarıstanda keçirilən növbəti Avropa çempionatında yüksək nəticə əldə edən Azərbaycan karateçiləri Budapeştdə ötən ilin sonunda açılmış Azərbaycan Evinin qonağı olublar.

Görüşdə qitə çempionatının mükafatçıları, Azərbaycan Milli Karate Federasiyasının rəsmiləri, həmçinin məşqçi və hakimlər iştirak ediblər. Tədbirdə "Qardaşlıq" Macar-Azəri Birgə cəmiyyətinin sədri Ramiz Əmirli Azərbaycan Evinin qonaqları olan karateçiləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Federasiyasının prezidenti Yaşar Bəşirov, yeniyetmə və gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Anar Allahverdiyev, Avropa çempionu Fərid Ağayev və qitə ikincisi Ayla Rzazadə çıxış edərək diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Macarıstandakı səfirliyinə və bu görüşün təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Evi Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə yaradılaraq soydaşlarımızın istifadəsinə verilib.

Xatırladaq ki, Azərbaycan karateçiləri Macarıstanda fevralın 7-dən 9-dək keçirilmiş yeniyetmə və gənclərin növbəti Avropa çempionatlarını 8 medalla başa vurublar.

Xəbər 876 dəfə oxundu.