“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ilk məşəlçisi qadın olacaq
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ilk məşəlçisi müəyyənləşib.

Yunanıstan Olimpiya Komitəsi güllə atıcılığı üzrə Olimpiya çempionu Anna Korakakini martın 12-də “Tokio-2020”nin məşəlinin alovlandırılması mərasimində ilk məşəlçi elan edib. Bununla da tarixdə ilk dəfə qadın idmançı Olimpiya məşəli estafetinə start verəcək.

A.Korakakinin “Tokio-2020”nin ilk məşəlçisi seçilməsini Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos tarixi hadisə adlandırıb. O deyib ki, Olimpiya Oyunlarının tarixində ilk dəfə qadın idmançı məşəl estafetinin ilk daşıyıcısı olacaq.

Yunanıstanda bir həftə davam edəcək məşəl estafetinin Afinanın “Panatinaikos” stadionunda martın 19-da təntənəli təhvilvermə mərasimi təşkil ediləcək. Bu missiyanın daha bir daşıyıcısı, şüvüllə tullanma üzrə Olimpiya çempionu Yekaterini Stefanidi məşəli “Tokio-2020”nin təşkilatçılarına təhvil verəcək.
Olimpiadanın vətəni olan Yunanıstanda alovlandırılacaq məşəli ümumilikdə 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın 47 prefekturasını gəzəcək.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Xəbər 874 dəfə oxundu.