Formula 1 təqvimində Bakının özünəməxsus yeri var
Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə fevralın 12-də “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans keçirilib.

BŞH-nin ənənəvi qaydada hər il təşkil etdiyi beynəlxalq konfransın builki mövzusu Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr olunub.

Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və digərləri iştirak ediblər.

Əvvəlcə Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx nümayiş etdirilib.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransda çıxış edərək ötən dörd ildə ölkəmizdə Formula 1 yarışlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib və mötəbər yarışın Azərbaycana iqtisadi faydaları barədə məlumat verib.

Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakının irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini, Azərbaycan Qran-Prisinin Formula 1 təqvimində xüsusi yerə malik olduğunu deyib. O, Bakıdakı sonuncu yürüşə baxmaq üçün Azərbaycana 75 ölkədən azarkeşlərin gəldiyini vurğulayıb. İndiyədək Bakıda keçirilmiş Formula 1 yarışlarının ümumilikdə 506,3 milyon dollar gəlir gətirdiyini diqqətə çatdıran A.Rəhimov “Yaşıl strategiya”nı prioritet seçdiklərini və Qran-Pri zamanı ölkəmizdə 10 min yeni iş yerinin açıldığını qeyd edib.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov irimiqyaslı idman yarışlarının ölkəmizə töhfələrindən danışıb. Nazir bildirib ki, bu tədbirlərin təşkili kadr, infrastruktur və turizm potensialının inkişafına xidmət edir. Birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının təşkilinə müvafiq olaraq 600 və 46 əcnəbi mütəxəssis cəlb edilmişdisə, ötən il keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında yalnız yerli mütəxəssislərin əməyindən istifadə olunub. Son on ildə Azərbaycanda idmanın əksər növləri üzrə mötəbər yarışlar keçirilib. Təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış təşkil edilib. Bu il də beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub.

A.Rəhimov Asiya Oyunlarının, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdıqlarını diqqətə çatdırıb. Nazir, eyni zamanda, könüllülərin əməyini vurğulayaraq deyib: “Birinci Avropa Oyunlarına 17 min könüllü cəlb olunmuşdu. Məhz bundan sonra ölkəmizdə könüllülük hərəkatının inkişafında yeni mərhələ başlayıb”.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir cari ildə ölkəmizdə “Avro-2020”nin dörd oyununun, cüdo üzrə “Böyük dəbilqə” turnirinin, gimnastika üzrə 8 mötəbər yarışın və digər turnirlərin keçiriləcəyini vurğulayıb.

Azərbaycan Qran-Prisinin təşkilatçı ölkəyə mühüm faydalarının olduğunu deyən Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri deyib: “Hər dəfə Bakıya səfər edəndə çox sevinirəm. Ən əsası bu il təşkil olunacaq Azərbaycan Qran-Prisini böyük həyəcanla gözləyirəm. Yeni Formula 1 mövsümünün başlamasına bir ay qalıb. Digər illərlə müqayisədə ötən il Formula 1 yarışlarına maraq çox böyük oldu. Cari mövsümün də maraqlı olacağını düşünürəm. Çünki Luis Hamiltonun Mixail Şumaxerin rekordunu qıra bilməsi üçün böyük şansı var”.

Ç.Keri bildirib: “Bakının Formula 1 təqvimində özünəməxsus yeri var. Formula 1 həmişə inkişafda olan idman növüdür. Fəaliyyətsizlik, rəqabətin olmaması yeni uğurlara imkan aça bilməz. Bu inkişaf Formula 1-in Azərbaycan mərhələsində də hiss olunur. Bakı Şəhər Halqasında təşkil olunan yürüşün əhali və azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılandığını görürük və bu, bizi çox sevindirir. BŞH kimi tərəfdaşımızın olduğu üçün çox xoşbəxtik. Əməliyyat Şirkəti həmişə yüksək təşkilatçılıq bacarığı ilə fərqlənir”.

Cari ildə Bakının beşinci dəfə Formula 1 yarışlarına ev sahibliyi edəcəyini deyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yarışın paytaxt sakinləri tərəfindən maraqlı qarşılandığını bildirib. E.Əzizov deyib: “Son illərdə Azərbaycan ciddi inkişaf yolu keçib. Belə mötəbər tədbirin təşkili sabitlik və inkişaf sayəsində mümkün olub. Bu cür mühüm tədbirlər həm Bakının təbliğində, həm də vətəndaşlarımızın dünyaya sürətlə inteqrasiyasına təsir göstərir. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Qran-Prinin bu il də yüksək səviyyədə keçiriləcəyinə əminəm”.

Ötən ilin mayında UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar üç gün ərzində 38 min azarkeşin ölkəmizə gəldiyini deyən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov artıq iki ildir “Avro-2020”nin hazırlıqlarına başladıqlarını deyib. Azərbaycanın mötəbər yarışı təşkil etməyə hazır olduğunu vurğulayan E.Məmmədov artıq 111 min biletin xarici vətəndaşlar tərəfindən alındığını diqqətə çatdırıb. O, azarkeşləri biletləri onlayn qaydada əldə etməyə çağıraraq deyib: “Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda Türkiyə, İsveçrə və Uels yığmaları mübarizə aparacaqlar. İtaliya millisi isə oyunlarını doğma meydanda keçirəcək. Ölkəmizdə çıxış edəcək komandaların nümayəndələri ilə əldə olunmuş razılığı görə, hər üç yığma oyunlardan əvvəl Bakıda təlim-məşq toplanışında iştirak edəcəklər. Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min əcnəbinin gələcəyi gözlənilir. Çox istərdik ki, Bakı gələcəkdə UEFA Çempionlar Liqasının finalına da ev sahibliyi etsin. Avropa miqyasında üç ən böyük futbol tədbirindən ikisinə artıq ev sahibliyi etmişik. Bizim Bakı Olimpiya Stadionu kimi böyük arenamız var. Belə stadionda UEFA Çempionlar Liqasının finalının da təşkil ediləcəyinə inanıram”.

Sonra ölkəmizdə təşkil olunan mötəbər futbol turnirləri ilə bağlı videoçarx nümayiş etdirilib.

Konfransın ikinci hissəsində “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev, Formula 1 Fransa Qran-Prisinin baş icraçı direktoru Erik Bulye, “F1 Sky” televiziya kanalının rəhbəri Skot Yanq, “Galway 2020” tədbirinin əməliyyatlar və maliyyə üzrə direktoru Alan Qreydi və “Quantum Consultancy” şirkətinin baş icraçı direktoru Mark Matir “Şəhərin davamlı inkişafı – idman və turizm davamlı gələcəyi necə reallışdırır?” mövzusu ətrafında məruzələrlə çıxış ediblər.

Konfransa sual-cavab sessiyası ilə yekun vurulub.

Tədbirin keçirilməsində məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə təşkil olunan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu istiqamətdə mütərəqqi beynəlxalq təcrübəni bölüşməkdir.

Cari ildə Formula 1 Azərbaycan Qran-Prisi iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 704 dəfə oxundu.