Azad Rəhimov: Ölkəyə gələn turistlər arasında Formula 1 yarışlarının azarkeşləri xüsusi yer tuturlar
Hər il ölkəmizə gələn 3 milyondan çox turist arasında Formula 1 yarışlarının azarkeşləri xüsusi yer tuturlar.

Bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov fevralın 12-də Bakıda təşkil olunan “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Nazir bildirib ki, birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının təşkilinə müvafiq olaraq 600 və 46 əcnəbi mütəxəssis cəlb edilmişdisə, ötən il keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında yalnız yerli mütəxəssislərin əməyindən istifadə olunub. Son on ildə Azərbaycanda idmanın əksər növləri üzrə mötəbər yarışlar keçirilib. Təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış təşkil edilib. Bu il də beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub.

A.Rəhimov Asiya Oyunlarının, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdıqlarını diqqətə çatdırıb. Nazir, eyni zamanda, könüllülərin əməyini vurğulayaraq deyib: “Birinci Avropa Oyunlarına 17 min könüllü cəlb olunmuşdu. Məhz bundan sonra ölkəmizdə könüllülük hərəkatının inkişafında yeni mərhələ başlayıb”.

Xəbər 6504 dəfə oxundu.