Pyer de Kubertenin əlyazması Lozanna muzeyinə təqdim edilib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax müasir olimpizmin banisi Pyer de Kubertenin əlyazmasını Lozanna muzeyinə təqdim etdiyi üçün Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti Əlişir Usmanova təşəkkür edib.

T.Bax deyib: “Bu gün burada tarixin günün şahidi oluruq. Bu, bizim üçün çox qiymətli hədiyyədir. Müasir olimpizmin əsasını qoyan fransız baron de Kubertenin əlyazması Olimpiya Hərəkatının fəlsəfi əsaslarını qoyan bir tarixi sənəd kimi Lozanna muzeyinə təqdim edilib. Çox şadıq ki, sayənizdə bütün Olimpiya Hərəkatı üçün mühüm bu sənəd aid olduğu yerdədir”.

Pyer de Kuberten Ailə Assosiasiyasının prezidenti Aleksandra da Navasel Kuberten də öz növbəsində Ə.Osmanova ailəsi adından minnətdarlığını ifadə edib.

“Pyer de Kuberten nəinki, bizim ailənin, Fransanın, eləcə də bütün dünyanın fəxridir. Bu insan uzun illər bundan əvvəl idmanın dünyanı dəyişə biləcəyini və Olimpiya oyunlarının sülh məramı baxımından nə qədər böyük bir güc olduğunu deyirdi. Bizim ailəmiz inanır ki, BOK Kubertenin irsini, ideyalarını hər zaman davam etdirəcək. Nəslimizə duygusal anlar yaşatdığı üçün səbəbkara təşəkkür edirəm”, – deyə xanım Navasel Kuberten bildirib.

Qeyd edək ki, Baron Pyer de Kuberten 1863-cü il yanvarın 1-də Fransada anadan olub. Olimpizm ideallarının tərənnümçüsü 1937-ci il sentyabrın 2-də Cenevrədə vəfat edib. O, Cenevrədə dəfn edilsə də, ürəyi isə Olimpiya oyunlarının vətəni Yunanıstanda basdırılıb.

AZƏRTAC

Xəbər 638 dəfə oxundu.