Şamaxıda idman jurnalistləri üçün media düşərgəsi təşkil olunub
Fevralın 10-da Şamaxıda idman jurnalistləri üçün media düşərgəsi təşkil olunub.

AFFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə və Rusiyadan da jurnalistlər iştirak edirlər.

İki gün davam edəcək düşərgədə Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının təqdimatı olacaq. Daha sonra jurnalistlərdən ibarət komandalar arasında atıcılıq, bilyard, boulinq və stolüstü tennis üzrə yarışlar keçiriləcək.

Tədbir çərçivəsində müxtəlif əyləncəli idman yarışlarının da keçirilməsi nəzərdə tutulub. İdman jurnalistlərinin Meysəri şərab zavoduna ekskursiyası da planlaşdırılır.

Media düşərgəsində 30-a yaxın idman jurnalisti iştirak edir.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.

Xəbər 674 dəfə oxundu.