Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib
Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində daha 5 qarşılaşma keçirilib.

Əvvəlcə “Premier Quba” və “Bibi-Heybət” komandaları meydana çıxıblar. Yeni transfer Kamil Nurəhmədovun da debüt etdiyi oyunda Quba futzalçıları Sabir Əlişanın məhsuldarlığı hesabına qələbə qazanıblar – 5:3.

İkinci oyun da kifayət qədər maraqlı keçib. “Bakı Fire” hesabda iki dəfə önə keçsə də, fasiləyə “Advokat” üstün yollanıb. İkinci hissədə status-kvonu bərpa edən meydan sahibləri qələbə topunu da vurmağı bacarıblar. Beləliklə, görüş “Baku Fire” komandasının 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi” isə “Gənclik” ilə oyunda böyük hesablı qələbə qazanmaqla cavab oyununu formallığa çevirib – 10:0.
“Record club” isə “Hövsan”la bacarmayıb. Belə ki, oyunun gedişində hesabda geri düşməsinə baxmayaraq İkinci Liqa təmsilçisi ilk oyununda 8:6 hesabı ilə qələbə qazanıb.
Birinci Liqa təmsilçiləri – “Baku Fans” və “Zəngilan”nın duelində böyük hesablı nəticə qeydə alınıb. “Baku Fans” rəqibini 8:2 hesabı ilə məğlub edib.

Fevralın 8-də “Forza Neftçi”–“Badamlı”, “Bakı”–“Nəqşicahan”, EKOL–NTD, “Yasamal”–“Atletiko Baku”, “Standard”–“Dalğa” və “Xızı”–“Baker Tilly” oyunları təşkil olunacaq.

Xəbər 696 dəfə oxundu.