“Sabah”-“Qəbələ” matçında beş qol vurulub
Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turuna “Sabah”-"Qəbələ" oyunu ilə start verilib.

“Bank Respublika Arena”da keçirilən oyuna fəal başlayan qonaqlar 5-ci dəqiqədə Ülvi İsgəndərovun vurduğu qolla hesabı açıblar. Görüşün 19-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Marko Deviç hesaba tarazlıq gətirib. Cəmi 3 dəqiqə sonra “Sabah”ın yarımmüdafiəçisi Mario Marina komandasını hesabda önə çıxarıb. Birinci hissə bu hesabla bitib - 2:1.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev topu öz qapısına göndərib. Lakin qonaqların hücumçusu Nikolas Raysel on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaltsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, “Sabah” doğma meydanda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.

On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (16), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.


Xəbər 697 dəfə oxundu.