Biləsuvar rayonunda “Mübariz kuboku” uğrunda breyn-rinq yarışı keçirilib
Biləsuvar Gənclər evində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilən “Mübariz kuboku” uğrunda breyn-rinq yarışının qalibi müəyyənləşib.

Ümumrayon birinciliyinin həlledici mərhələsində 24 məktəb komandası arasından finala vəsiqə qazanan 6 kollektiv iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd edib ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulub. Doğma kəndində təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Sonradan könüllü olaraq hərbi hissələrin birində gizir kimi xidmətə başlayıb. Mübariz 2010-cu il iyunun 18-dən 19-na keçən gecə təkbaşına təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək 5 saat ərzində Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olan Mübariz bir gecədə xalqının qəhrəmanına çevrilib. Onun adı Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Yarışda Nizami Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülərək “Mübariz kuboku”na sahib olub. Zəhmətabad kənd tam orta məktəbin komandası ikinci, Amankənd kənd tam orta məktəbin şagirdləri isə üçüncü yeri tutublar.

Sonda iştirakçılar Mübariz İbrahimovun xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Xəbər 883 dəfə oxundu.