Formula 1 Vyetnam Qran-Prisi: Koronavirus epidemiyası mərhələnin keçirilməsinə təsir etməməlidir
Formula 1 çempionatının Vyetnam Qran-Prisinin təşkilatçıları koronavirusun baş qaldırmasının mərhələnin keçirilməsinə təsir edə biləcəyi ilə bağlı ölkədə epidemioloji vəziyyəti izləməkdə davam edirlər.

“RaceFans” portalı Vyetnam Qran-Prisi nümayəndəsinin sözlərindən sitat gətirir: “Biz hadisələrin gedişatını diqqətlə izləməkdə davam edirik. Hazırda biz vəziyyətin aprel ayında yürüşləri keçirməyimizə mane olacağını gözləmirik”.

Bundan əvvəl Çində Formula E mərhələsinin qeyri-müəyyən tarixə keçirilməsi barədə xəbər yayılmışdı. Çində, həmçinin keçiriləcək Formula 1 yürüşləri də təhlükə altındadır.

Xatırladaq ki, koronavirusun daha əvvəl rast gəlinməyən növü ilk dəfə dekabrın 31-i aşkarlanıb. Bu günədək 20 minə yaxın insan yeni 2019-nCoV virusuna yoluxub. Xəstəlik 426 nəfərin həyatına son qoyub.

Uxan şəhəri hazırda çıxış üçün bağlıdır, qonşu şəhərlərdə də məhdudiyyətlər davam edir.

Xəbər 820 dəfə oxundu.